Həyatında baş verən heç nəyi unutmayan qadın

Qız şəkli Fotonun müəllifi Edouard Taufenbach

Bəzi insanlar həyatlarında baş verən bütün hadisələri yadda saxlaya bilirlər. Bəs görəsən bu necə hissdir?

"Bir həftəliyimdə çəhrayı pambıq yorğana bələndiyimi xatırlayıram," Rebecca Sharrock deyir.

"Nədənsə anam məni qucağına alanda hiss edirdim. İnstinktiv olaraq başa düşürdüm və anam ən sevdiyim adam idi."

Bir çox insanların uşaqlıq xatirələrinin təxminən dörd yaşdan sonra yadda qaldığını nəzərə alsaq, Sharrock-un dediklərini həqiqi yaddaş əvəzinə nostalji xəyal adlandıra bilərik.

Amma Avstraliyanın Brisbane şəhərindən olan bu 27 yaşlı qızın yaddaşı başqalarından çox fərqlənir. Daha doğrusu, ona Yüksək Avtobioqrafik Yaddaş və ya HSAM sindromu diaqnozu qoyulub.

Bu, hipertimeziya adı ilə də bilinir.

Unikal nevroloji hal Sharrock-un həyatında baş verən bütün hadisələrin xatırlamasına səbəb olur.

HSAM-lı insanlar dərhal, düşünmədən və keçmişdə istənilən an etdikləri, geydikləri və ya harada olduqlarını xatırlaya bilirlər.

Onlar ictimai xəbərlər və şəxsi hadisələri o qədər fotoqrafik detal və incəliklə yadda saxlayırlar ki, hər şey eyni hadisənin video və ya auido yazısı ilə üst-üstə düşür.

Ağlı kəsdikcə Sharrock hər kəsin onun kimi yaddaşa sahib olduğunu düşünürmüş. Ta ki, valideynləri ona televiziyada HSAM-lı insanlarla bağlı bir veriliş göstərənə qədər.

"2011-ci ilin 23 yanvarı idi," o xatırlayır.

"Efirdəki insanlar keçmiş hadisələri yada saldıqca müxbirlər "İnanılmazdır, bu ki fövqəladədir" deyirdilər". "Bəs bu normal deyilmi ki?" deyə mən valideynlərimdən soruşdum."

Onun valideynləri bu vəziyyətin normal olmadığını izah edərək dedilər ki, onlar Sharrock-un da bu cür olduğunu düşünürlər.

Fotonun müəllifi Edouard Taufenbach
Image caption "Hər ayın əvvəli ötən illər həmin ayda yaşadığım ən gözəl hadisələri yada salırdım"

Xəbər buraxılışında adları çəkilən professorlarla əlaqə qurduqdan sonra, Sharrock sınaqdan keçirilir və 2013-cü ildə ona diaqnoz qoyulur.

HSAM yalnız 2000-ci illərin əvvəllərində aşkarlanıb və dünyada bu sindromu olan 60 nəfər qeydə alınıb.

Bəs necə olur ki, bəzi insanlar HSAM-lı doğulur? Bu barədə tədqiqat hələ davam edir.

Nəzərə almaq lazımdır ki, sahə nisbətən yenidir və dünya üzrə HSAM-lı şəxslərin sayı çox azdır.

Lakin bəzi araşdırmalar göstərir ki, beyinin gicgahlara düşən payı (yaddaş yaranmasına kömək edir) HSAM-lı insanlarda daha böyükdür.

Eləcə də öyrənməyə kömək olmaqla yanaşı, kompulsiv aludəçilik pozuqluğu da rol oynayan quyruq payı onlarda böyük olur.

HSAM, xatirələrin aydın detallarla yadda qalması ilə müşayiət olunan bir haldır.

Elm üçün füsunkar bir hal sayılsa da, bunu yaşayan insanlar üçün narahatlıqlar törədə bilir.

Bəzi HSAM-lı insanlar xatirələrini mükəmməl ardıcıllıqla təsvir etsələr də, eyni zamanda autistik olan Sharrock beynini "dolu" his etdiyini və daim yada düşən hadisələrin ona baş ağrısı və yuxusuzluq verdiyini deyir.

Fotonun müəllifi Edouard Taufenbach
Image caption Mən valideynlərimdən soruşdum: "Onlar niyə bunu inanılmaz adlandırırlar? Normal deyilmi ki?''

Sharrock depressiya və həyəcan kimi xəstəliklər də keçirib və buna görə də yaddaşı onu daha çox incidir.

Qeyri-adi yaddaşı onda emosional zaman maşını hissi yaradır.

"Əgər üç yaşımda başıma gələn hansısa hadisəni xatırlayıramsa, mənim bu vəziyyətə emosional cavabım da elə üç yaşındakı kimi olur. Baxmayaraq ki, ağlım və dərrakəm yetkindir," o deyir.

Beynini ilə ürəyi arasındakı uyğunsuzluq çaşqınlıq və narahatlığa səbəb olur.

Bununla belə, Sharrock xoş xatirələrinin pis xatirələrə güc gəlməsi üçün yeni vərdişlər öyrənib.

"Hər ayın əvvəli ötən illər həmin ayda yaşadığım ən gözəl hadisələri yada salırdım."

Pozitiv hadisələri önə çəkmək onun əhvalını korlayan "xatakar xatirələrlə" başa çıxmasını asanlaşdırır.

Sharrock deyir ki, müəyyən bir tarixdə yaşadığı hadisələr "onları yada salmaq istədiyim üçün yadıma düşmür, şəxsən onları yaşadığım və ya şahidi olduğum üçün göz önümdə canlanırlar".

HSAM-lı insanlar müəyyən bir gündəki xəbərlərdən hadisələri yadda saxlaya bilirlər və bu hadisələr də məhz onların şəxsi təcrübəsi və ya marağı sayəsində yaddaşa çevrilir.

HSAM həm də körpə və uşaqların dünyanı necə gördüyünü müəyyənləşdirə bilməyimiz üçün kömək ola bilər.

Sharrock körpə olarkən gördüyü şeyləri və yeriməyi öyrəndiyi anlarını təsvir edir:

"Yerimdə oturub ətrafa və əşyalara baxırdım. Çarpayımın yanındakı hündür ventilyator diqqətimi cəlb etdi. Təxminən bir yaş yarımlıq ikən ağlıma gəldi ki, durub ona toxunum."

Fotonun müəllifi Edouard Taufenbach
Image caption "Mən yuxularımı idarə edə bilirəm və nadir hallarda narahat qarabasmalar görürəm"

Bu bacarığın başqa bir tərəfi isə HSAM-lı insanların röyalarına necə təsir göstərməsidir.

Sharrock deyir ki, indi yetkin yaşlı insan kimi "yuxularımı idarə edə bilirəm və nadir hallarda narahat qarabasmalar görürəm, çünki qorxulu nə isə baş verərsə, ardıcıllığı dəyişə biləcəyimi yada salıram."

Amma körpə ikən belə olmayıb.

İlk yuxusunu təxminən 18 aylıq ikən görən Sharrock, bunun yuxu və ya reallıq olduğunu dərk edə bilmirmiş.

"Buna görə də gecələr ağlayar, anamı istəyərdim," o izah edir.

"Heyf ki, o zaman hələ danışa bilmirdim."

Çox güman ki, HSAM-lı insanların röyaları da kifayət qədər aydın olur.

Sharrock hazırda Queensland Universiteti və California Universitetinin apardığı iki fərqli araşdırmada iştirak edir.

O, ümid edir ki, nəticələr Alzheimer xəstəliyindən əziyyət çəkənlərə kömək edəcək.

Həyatındakı istənilən hadisəni aydın şəkildə xatırlamasına rəğmən, bir şey Sharroc-un yadında deyil - doğulduğu an.

Fotonun müəllifi Edouard Taufenbach
Image caption "Dünyaya gəldiyim an, xatırlamadığım yeganə doğum günümdür"

"Bu, xatırlamadığım yeganə doğum günümdür," o deyir.

"Nə bətni, nə də doğulduğum andan heç bir şey xatırlamıram. Heç xatırlamaq istəməzdim də."

Yaddaşı təkrar düyməsinə ilişib qalan val kimi olsa da, Sharrock heç nəyi dəyişmək istəmir.

"Autizmimə görə mən heç nəyi dəyişmək istəmirəm. Necəyəmsə elə də düşünüb, hiss etməyə davam etmək istəyirəm, çünki həmişə belə olub, amma bəzi xoşagəlməz hallarla başa çıxmağın yollarını tapmağı da xoşlayıram," o deyir.

"İçimdəki son dərəcə yaxşı tanıdığım insanı qorumaq istəyirəm."

Yazı, BBC Radio 4-ün PM verilişindən Eddie Mair-in Rebecca Sharrock ilə müsahibəsi əsasında hazırlanıb.

Tam müsahibəni buradan diləyə bilərsiniz.

Hekayədəki illüstrasiyalar üçün fransız rəssam Edouard Taufenbach işlərindən istifadə olunub. Onun işləri collage tərzli şəkillər şəklində müxtəlif insanların yaddaşı və təqdimatını əks etdirir.

  • Yazının orijinalını ingilis dilində BBC Future saytında oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş