Detoks həqiqətən bədəni təmizləyirmi?

meyvə-tərəvəz Fotonun müəllifi Getty Images

Masaj, sıxılmış meyvə-tərəvəz şirəsi, bitki çayı və oruc saxlamaq yoluyla detoks edib bədəni toksinlərdən təmizləmək maraq doğuran sahədir.

Bu üsullarla dərinin gözəlləşəcəyi, artıq çəkidən xilas olmaq və daha sağlam bir bədənə sahib olmaq vəd edilir.

Detoks iki fərqli mənada istifadə olunur: Biri spirtli içki və narkotik problemi olanların bədənini bu maddələrdən təmizləmək məqsədilə aparılan tibbi detoks, digəri isə bədəndəki zərərli maddələri, "toksinləri" təmizləmək vədi ilə satılan maddələrlə evdə həyata keçirilən detoksdur.

Müasir həyat tərzi bizi bir çox sintetik, kimyəvi və zərərli maddələrlə qarşı-qarşıya gətirir. Bəs bu maddələrin detoks yolu ilə bədəndən çıxarılmasına dair verilən vədlər həqiqətə uyğundurmu?

Fotonun müəllifi Getty Images

Spirtli içkidən imtina edib sağlam pəhriz saxladığınızda toksinlər həqiqətən bədəndən çıxarıla bilər. Ancaq bu, sadəcə çiy tərəvəzlərin şirəsini sıxaraq içdiyinizdə baş vermir, o davam edən prosesdir.

Bədəndə təmizləmə işi aparan belə bir ağıllı sistem var. Dərimizdən tutmuş tənəffüs yollarındakı incə tüklərə və seliyə qədər bir çox ünsür, zərərli maddələri çıxarmağa istiqamətlənib.

"Peyer düyünləri" adıyla tanınan və nazik bağırsaqları əhatə edən limfatik toxuma, zərərli maddələrin qidalarla birlikdə bağırsaqdan süzülüb qan dövranına daxil olmasına mane olur.

Böyrəklər isə bir dəqiqədə yarım fincan qanı təmizləyərək sidik cövhəri kimi toksinlərin çıxarılmasını təmin edir.

Spirtli içki qəbul edilən zaman qaraciyər dövrəyə girib detoksu həyata keçirir.

Bu ikili prosesdir. Əvvəlcə fermentlər yoluyla alkoqol asetaldehidə çevrilir. Bu zəhərli bir maddədir, amma sürətlə sirkə turşusuna, karbon dioksidə və suya çevrilir.

Qaraciyərin alkoqolun emalı sürətindən daha sürətli alkoqol qəbul edilərsə, o zaman qandakı alkoqolun səviyyəsi artar.

Həddən artıq alkoqol qəbulu uzun müddət davam edərsə, asetaldehid maddəsi qaraciyərə ziyan vura bilər.

Ancaq qaraciyər daha az miqdarda alkoqolu bədəndən təmizləməyi bacarır. Bədənimizdəki detoks sistemlərindən biri də məhz budur.

Belə olan halda xüsusi detoks pəhrizləri faydalıdırmı?

Bu pəhrizlər olduqca müxtəlifdir. Ən sadələri alkoqol, kofein və rafinə edilmiş şəkərdən istifadədən imtinaya istiqamətlənib. Lakin günlərlə sadəcə maye içməyi, sonra tədricən yeməyə keçməyi nəzərdə tutan ciddi pəhrizlər də var.

Fotonun müəllifi Getty Images
Image caption Alkoqol detoksu baxımından bir neçə həftə davam edən tək detoks əvəzinə hər həftə bir neçə gün spirtli içkidən imtina daha yaxşı nəticə verir

Kifayət qədər araşdırma yoxdur

2012-ci ildə Exeter Universitetinin alternativ tibb üzrə mütəxəssisi Edzard Ernst bu mövzuda aparılmış tədqiqatları araşdırarkən, evdə həyata keçirilən detokslarla bağlı kifayət qədər araşdırma tapmaqda çətinlik çəkib.

Bu mövzuda ədəbiyyat araşdırılan zaman çoxlu sayda narkotik detoks proqramları da ortaya çıxır.

2014-cü ildə Sidneydən olan iki tədqiqatçı detoks pəhrizləri ilə bağlı araşdırmaları nəzərdən keçirən zaman elmi meyarlara uyğun araşdırma tapa bilməyiblər.

Tapdıqları kiçik miqyaslı bir neçə araşdırmada isə 2000-ci ildə detoks həyata keçirən 25 nəfərin daha sonra özlərini daha sağlam hiss etdikləri və qaraciyər funksiyalarında bir qədər yaxşılaşma nəzərə çarpdığı bildirilib.

Ancaq ümumilikdə detoks pəhrizinin faydalı olmasına dair kifayət qədər məlumat yoxdur. Ona görə də bu cür pəhrizləri saxlayan insanların şahidlikləri ön plana çıxır.

Ciddi pəhriz saxlayanlar qısa müddətdə artıq çəkidən xilas olurlar, amma bu vəziyyətin uzun müddət davam etdiyini göstərən məlumat tapmaq çətindir.

Belə olan halda detoksu həyata keçirməklə mübarizə aparmağa dəyərmi?

Alkoqol detoksu baxımından bir neçə həftə davam edən tək detoks əvəzinə hər həftə bir neçə gün spirtli içkidən imtina daha yaxşı nəticə verir.

Fotonun müəllifi Getty Images

Müəyyən müddət ərzində çoxlu meyvə və tərəvəzdən istifadəyə istiqamətlənən pəhrizlər də əlbəttə ki faydalıdır.

Lakin bu cür qısa müddətli çarələr, uzun müddətli sağlam qidalanma (Aralıq dənizi pəhrizi) və müntəzəm məşqlər qədər faydalı ola bilməz.

Lakin buna baxmayaraq, detoks düşüncəsi bir çox insana maraqlı gəlir.

Həddən artıq istehlakdan dolayı bir müddət özünüzü cəzalandırmaq istəyirsinizsə, bəlkə də toksinlərdən deyil, peşmançılıqlardan qurtulmaq istəyirsiniz.

Detoks psixoloji olaraq, köhnə vərdişlərdən xilas olub, yeni müsbət vərdişləri qazanmaq baxımından yeni bir başlanğıc ifadə edə bilər.

Lakin keçmiş vərdişlərə qayıtmamaq üçün də sağlam planlarınızın olması lazımdır.

Buna görə də detoksu bağırsaq və digər orqanları zərərli maddələrdən təmizləmək əvəzinə, köhnə vərdişlərdən vaz keçmək üçün bir metafor kimi qəbul edə bilərik.

Ona görə ki, bədənimiz xüsusi çaylar, meyvə-tərəvəz şirələri və ya pəhrizlər olmadan da özünü davamlı olaraq təmizləyir.

Yenə də, daha sağlam bir pəhriz, bol su içmək, müntəzəm məşq və kifayət qədər yatmaqla bu işi asanlaşdıra bilərsiniz.

Bu barədə daha geniş