Bağırsaq sağlamlığı və mikrobiom barədə nə bilirik?

bağırsak bakterileri Fotonun müəllifi Getty Images

Həzm sistemimizdə bakteriya, göbələk və viruslar da daxil trilyonlarla mikrob yaşayır.

Təxminən bütün bədənimizdəki hüceyrə sayı ilə eyni miqdarda mikroblar var. Onların çoxu qalın bağırsaqda olmaqla bağırsaqlarda yaşayır.

Lakin bağırsaqdakı bakteriyaların sadəcə 10-20 faizə qədəri başqa insanlarınkı ilə eynidir.

Bu mikrobiomlar qidalanma, həyat tərzi və başqa amillərin də təsiriylə insandan insana fərqlənir və sağlamlığımızdan tutmuş iştaha, çəkimizə, psixoloji vəziyyətimizə qədər hər şeyə təsir göstərir.

Bağırsaq sistemi çox araşdırılsa da, belə tədqiqatlar yekun mərhələsindən uzaqdır.

Bu sahədəki son elmi araşdırmaları sizin üçün tərtib etdik.

Qidalanma

Qidalanma forması bağırsaq mikrobiomuna böyük təsir göstərir.

Araşdırmalar lif nisbəti aşağı, heyvan yağı və zülalın yüksək olduğu qərbsayağı qidalanma ilə xərçəngə səbəb olan iltihab arasında əlaqə olduğunu göstərir.

Liflə zəngin, qırmızı ət miqdarının az olduğu Aralıq dənizi pəhrizinin qısa zəncirli yağ turşularını artırmaq, iltihabın qarşısını almaq və immun sistemini gücləndirməyə malik olduğu bildirilir.

Alimlər hesab edirlər ki, bu sahədə ümumilikdə bütün əhalini əhatə edən araşdırmalar mövcud tədqiqatları inkişaf etdirəcək.

Belə layihələrdən biri American Gut Study (Amerika Bağırsaq Araşdırması) tərəfindən aparılır.

Layihə çərçivəsində ABŞ-da yaşayan minlərlə insanın mikrobiom nümunələrini toplanıb müqayisə olunur.

Fotonun müəllifi Getty Images

İndiyə kimi məlumatlar, bitki mənşəli ərzaqlarla qidalanan insanların bağırsaqlarında mikrob müxtəlifliyinin daha çox olduğunu, pəhrizində kifayət qədər bitki mənşəli qidalar olmayanlarda isə bunlardan "tamamilə fərqli" xüsusiyyətləri göstərir.

Araşdırmalara cavabdeh olan Daniel McDonald-ın fikrincə, "Hələ ki bir qidalanma formasının sağlam və ya qeyri-sağlam olduğunu qətiyyətlə söyləməsək də, meyvə və tərəvəz baxımından zəngin qidalananların sağlam mikrobiomlara sahib olduqları dəqiqdir."

Lakin McDonald deyir ki, bitki mənşəli qidalanmadan radikal bir şəkildə fərqli - "qeyri-sağlam qidalanmaya" keçidin mikrobioma təsirini öncədən təxmin etmək mümkün deyil.

Probiotiklər

Son illərdə probiotiklər (faydalı bakteriya) və prebiotiklərin (həzm sistemində faydalı bakteriyaların qidalandığı lif növləri) sağlamlığa faydaları barədə aşırı diqqət yetirilib.

Onlar iltihabdan tutmuş bağırsaq xəstəlikləri və tac xəstəliyinin müalicəsində gedər geniş sahədə istifadə olunur.

Lakin aparılan araşdırmalar onların, tətbiqi, miqdarı və effektivliyi barədə daha çox tədqiqatın lazım olduğunu ortaya qoyur.

İsraildəki Weizman Elmi İnstitutunun immun sistemi üzrə mütəxəssisi Eran Elinav kiçik bir nümunə çərçivəsində apardığı araşdırmada, bəzi insanların probiotiklərə qarşı immuniteti olduğunu öyrənib.

Yeni məlumatlarla izlənilməsi lazım olan araşdırmada 25 sağlam insana 11 fərqli növdə probiotik və ya plasebo həbi (heç bir təsiri olmayan həb) verilib.

Araşdırmadan əvvəl və sonra mikrobiom və bağırsaq funksiyaları kolonoskopiya və endoskopiya üsulu ilə yoxlanılıb.

"İnsanlar ümümilikdə iki qrupa ayrıla bilər; ilk qrupda mikrobiomlar probiotikləri qəbul edib həzm sistemində mikrobiomun dəyişdirməsinə imkan yaradır. İkinci qrupda, mikrobiomlar müqavimət göstərib. Bu qrupda probiotiklərin yerləşməsinə icazə verilmədiyindən heç bir işə yaramadığı müşahidə edilib", deyə Elinav açıqlayıb.

Tədqiqatçılar mikrobiomları araşdıraraq insanların hansı qrupa düşəcəyini təxmin edə bilirdilər.

Fotonun müəllifi Getty Images
Image caption Bəzi insanlarda bağırsaq mikrobiomu probiotikin faydalı olmasını göstərir

Sağlamlıq

Bağırsaq florası, sağlam və funksional həzm sistemi üçün əsas rol oynayır.

Bunun ən güclü dəlillərindən biri narahat bağırsaq sindromu hallarının ümumilikdə pozulmuş bağırsaq floralarında görünməsidir.

Lakin floranın sağlamlığımız üzərində daha geniş təsiri var və bunların çoxu insan həyatının ilk bir neçə ilində ortaya çıxır.

Mikrobiom doğuşdan dərhal sonra inkişaf etməyə başlayır, bu mikrobların həzm sistemini işğal etməyə başladığı an deməkdir.

İngiltərə mərkəzli Quadram Bioloji Elmlər İnstitutunun mikrobiom araşdırmalarının rəhbəri Lindsay Hall təbii doğuş yoluyla doğulan körpələrin, qeysəriyyə əməliyyatı ilə doğulan körpələrlə nisbətdə daha yüksək sayda bağırsaq bakteriyasına sahib olduğunu söyləyir.

Bu, təbii doğuş zamanı ananın vaginala və bağırsaq bakteriyalarla təmasdan irəli gəlir.

Hall "Qeysəriyyə yoluyla doğulanlar bu başlanğıc aşılamasından məhrum olurlar və ilk təmasda olduqları mikrobları dəridən və ətraf mühitdən alırlar", deyir.

"Yeni doğulanlar üçün immun sistemini inkişaf etdirmək çox mühümdür. Son araşdırmalar göstərir ki, erkən dövrdə bağırsaq mikrobiomunun pozulması sağlamlıq baxımından mənfi nəticələr yarada bilər".

"Qeysəriyyə yoluyla doğuşun sağlamlığa uzun müddətli təsiri bir çox araşdırmada müşahidə olunub. Araşdırmalar bu insanlarda allergiya və o qədər də sağlam olmayan sistemə sahib olmaq ehtimallarının artdığını göstərir. Bu da insanları dəyişikliyə və antibiotik müalicəsi kimi müdaxilələrə qarşı daha həssas edir. "

"Lakin yenə də bu fərqin immun sistemi üçün əhəmiyyətini göstərən ciddi bir araşdırma yoxdur".

Ana südü və süni yeməklə qidalanan körpələrin mikrobiomları arasında fərqlər vardır. Bifidobakteriya deyilən bir qrup sağlam bakteriyanın ana südü əmən körpələrin bağırsaqlarında daha çox görüldüyü qeyd edilir.

"Bifidobakteriyanın ana südündə olan müəyyən komponentlərin həzmində istifadə edildiyini bilirik. Bu komponentlər körpə sıyıqlarında olmur. Bu səbəbdən sıyıqla qidalanan körpələrdə bunların sayı daha azdır", Hall deyir.

Alimlər ümumilikdə xəstəliklərin müalicəsində bağırsaqlardan necə istifadə olunacağını başa düşməyə çalışırlar.

Bu sahədəki ən yeni müalicələrdən biri nəcisli flora nəqli (fekal mikrobiota transplantı) sağlam insan florasının xəstənin bağırsağına yerləşdirilməsini təmin edir.

Xüsusilə bağırsaq infeksiyası və ishala səbəb olan antibiotikə müqavimətli bağırsaq bakteriyası "clostridium difficile"ın müalicəsində bu üsul tətbiq olunur.

Burada necə bir mexanizmin işlədiyinə dair dəqiq məlumatlar hələki olmasa da, nəql yoluyla mikrobiomdakı bakteriya müxtəlifliyinin artmasının virusla mübarizəyə dəstək olduğu düşünülür.

Fotonun müəllifi Getty Images
Image caption Probiotiklərin istifadəsi artıb

Bu nəqllər ətrafında müzakirə edilən ən mühüm məsələ normal bağırsaq mikrobiomunun nə olduğunu müəyyən etməkdir.

Londondakı İmperial College Universitetində mikrobiom və qidalanma arasındakı əlaqəyə dair aparılan araşdırmaları izləyən Fiona Pereira deyir ki, normalın nə ümumi halda nə də fərdə dair nə olduğu müəyyən edilməyib.

"Etnik mənşə, ətraf mühit faktorları və bədəni formalaşdıran başqa ünsürlər bu normalı müəyyən edən amildir".

Alimlər ancaq fərqli etnik qruplar və yaş qrupları üçün nəyin sağlam olduğuna dair dəqiq bir anlayışa sahib olduğu zaman bir insanın profilini çıxarmaq, bağırsaq müxtəlifliklərinin nəyə bağlı olduğunu başa düşmək mümkün ola bilər.

Antibiotiklər

Antibiotiklərin bağırsaq floramızı böyük ölçüdə poza biləcəyini çoxdan bilirik.

Birmingham Universitetinin professoru Willem van Schaik bağırsaqda olan faydalı və zərərsiz (neytral) bakteriyaların infeksiyaya yol açan patogenlərlə yaxın təmasda olduğunu söyləyir.

Van Schaick patogenlərdəki antibiotikə 6000 yeni müqavimətli genin müəyyən edilməsini hədəfləyən araşdırmaları da aparır.

Onun məlumatlarına görə, bu patogenlərin çoxu DNT ilə əlaqəli deyil.

Bakteriayalar öz aralarında DNT ötürməsi apara bildiklərindən, indi bu antibiotikə müqavimətli genlərin normal bakteriyalardan patogenlərə çevrilməsi riski yoxdur.

Lakin genlərin müəyyən yerlərdə qalmasına görə onlar aşırı antibiotik istifadəsiylə yayıla bilər. Bu isə tək bir bakterial hüceyrə içinə kilidlənmiş müqavimətli genlərə təzyiq göstərib onları səfərbər edə bilər.

"Məlumatlarımız mikrobiomda neçə dənə müqavimətli genin səfərbər olub fürsət axtaran patogenlərə çevrilə biləcəyini ortaya qoyur. Bu qətiyyətlə səfərbər etmək istəmədiyimiz genlərdən geniş bir bazanın olduğuna dəlalət edir".

Fotonun müəllifi Getty Images
Image caption Antibiotiklərin bağırsaq bakteriyalarına təsir göstərdiyi məlumdur

Beyin

Beyin və bağırsaq arasında "beyin bağırsaq əlaqəsi" deyilən çox güclü, iki tərəfli ünsiyyət mövcuddur.

İkisi də bir-biri üçün vacibdir və araşdırmalar bağırsaq mikrobiomu çatışmazlığında beyin inkişafının anormal olduğunu ortaya qoyur.

Lakin hansı bağırsaq bakteriyasının beyin inkişafı üçün əhəmiyyətli olduğu hələ ki bilinmir.

Oxford Universitetinin mikrobiom-bağırsaq-beyin əlaqəsi üzrə tədqiqatçısı Katerina Johnson yeni araşdırmaların bağırsaq və beyinin bir-birinə necə bağlı olduğunu, psixi vəziyyətimizin və psixi sağlamlığımızın da ikisinin də təsirində olduğunu ortaya qoyduğunu söyləyir.

"Depressiyada olan insanların bağırsaqlarından götürülən bakteriyaları siçan bağırsağına nəql etdiyimiz zaman, siçanların davranışlarında və fiziologiyalarında depressiya əlamətləri müşahidə edilir", deyə Johnson açıqlayır.

İnsan beynində olan nevrotransmitterlərin (sinir daşıyıcıları) böyük əksəriyyəti bağırsaq bakteriyaları tərəfindən istehsal edilir, bunlara əhval-ruhiyyəmizin tənzimlənməsində böyük rol oynayan serotonin də daxildir.

Davranış

Bagırsaq mikrobiomunun davranışa təsiri də araşdırılır.

Böyük əksəriyyəti heyvanlar üzərində aparılan araşdırmaların bir qismi göstərir ki, müəyyən növ mikrobların beyin kimyasına təsiri daha ünsiyyətcil davranışa səbəb ola bilər.

Bundan başqa həyatlarında mikrobla təması olmayan heyvanlar, sosial davranış çatışmazlığını göstərir.

Tədqiqatçılara görə Lactobacillus kimi bəzi bakteriya növləriylə bu vəziyyəti dəyişdirmək olar.

"Mikrobiom davranışa niyə təsir edir?" adlı yeni bir məqalə deyilir ki, bağırsaq mikrobiomu (parazitlərdə olduğu kimi) yayılmaq naminə insanı daha çox təmasa sövq edir.

Lakin bu məqalə nəzəriyyənin doğru olmasını şübhə altına alır. Qeyd olunur ki, davranışa təsir mikroorqanizmlərin inkişafı və rəqabəti nəticəsində ortaya çıxan bir yan fəsad ola bilər.

"Bağırsaq mikrobiomu o qədər müxtəlifdir ki, əgər bir növ bakteriya aktiv kimyəvi maddələr vasitəsiylə davranışımızı idarə etməyə çalışarsa, o, həmin maddənin istehsalına vaxt sərf etməyən başqa bir bakteriya ilə aradan qaldırıla bilər", məqalənin müəlliflərindən Johnson açıqlayıb.

Fotonun müəllifi Getty Images

Gələcək

Elm hələki sağlam mikrobiomun nəyə oxşadığına dair konkret bir tərif verməyib, və bu yaxın zamanda da gözlənilmir.

Lakin belə bir fikir formalaşmaqdadır ki, antibiotikdən istifadə və qidalanma kimi amillərin mikrobioma təsiri genetik təsiri üstələyir.

"Qidalanma ilə mikrobiomumuzu dəyişdirə bilsək də, müəyyən bir məqam mövcuddur ki, müvəqqəti dəyişiklikdən sonra o, yenidən əvvəlki halına qayıdır" Johnson deyir.

"Lakin tez-tez sağlamlıqla əlaqələndirilən bağırsaq mikrobiomunun müxtəlifliyini artırmaq üçün daha çox lifli qida istehlak edə bilərik".

Son illərdə mikrobiom araşdırmaları çox irəliləsə də, qarşıda çox maneələr var.

McDonald deyir ki, bu maneələrdən biri, 16S rRNA düzülüşü deyilən üsula həddən artıq bel bağlanmasıdır.

Bu üsul bütün bakteriyalarda olduğu hesab edilən tək bir genin müəyyən bir hissəsinə baxmağı tələb edir.

Qalın bağırsaqda infeksiyaya səbəb olan bağırsaq çöpü (Escherichia coli) bakteriyası bu üsulun niyə həddən artıq geniş olmasının ən yaxşı nümunəsidir, McDonald belə deyir.

"Bağırsaqda patogen bağırsaq çöpünün neytral və faydalı rol oynayan daha bir növü də vardır. Bu üsulla məsələn, bunları bir-birindən ayırmaq mümkün deyildir. Bağırsaq çöpü səviyyəsində artım səhhətiniz üçün pis amil demək deyil".

McDonald araşdırmalar məsələsində yenə də təmkinli olmağı tövsiyə edir:

"Mikrobiom araşdırmalarının inkişaf etdiyi sahə son dərəcə həyəcanlı və bir çox yeni inkişafa açıqdır. Bu araşdırmalar sağlamlıq sahəsində bir çox irəliləyişlərə yol açacaq.

Lakin bu sahənin inkişafı əsas araşdırmaların nəticələrinə bağlıdır.

İnsanlar üzərində araşdırmalara başlamazdan əvvəl laboratoriyalarda heyvanlar üzərində sınaqdan keçiriləcək çox iş mövcuddur.

Lakin indi qəti olan bir şey var, bütün alimlər tərəvəzdən istifadənin vacibliyini söyləyir".

Bu barədə daha geniş