“Nəfsim çəkir” vəziyyəti nədən xəbər verir?

Şokolad Fotonun müəllifi Getty Images
Image caption Araşdırmalar göstərir ki, şokolad yemək arzusu daha çox Qərbə aiddir, Şərq mədəniyyətində populyar deyil

Acanda nə yediyimizin elə bir əhəmiyyəti yoxdur, çünki bu zaman sadəcə aclıq hissini öldürməyə çalışırıq. Amma nəfsimiz bir şey çəkəndə onu tapıb yeməyənə qədər fikrimizdən heç çıxmayan arzuya çevrilir.

Bu hal çoxumuza tanışdır.

Arzuladığımız qida, adətən, yüksək kalorili olur. Həmin hissin kökəlmə və ya yüksək bədən kütləsi indeksiylə əlaqələndirilməsi də bununla bağlıdır.

Belə hesab olunur ki, insanın nəfsi bir şey çəkəndə orqanizm ona lazım olan qida barədə siqnal verir. Bu fikirdə həqiqət payı nə qədərdir?

Araşdırmalar göstərir ki, bu hissin bir neçə səbəbi ola bilir və bir çoxu da psixolojidir.

1900-cü illərin əvvəllərində rusiyalı alim İvan Pavlov itlərin bəzi qıcıqlandırıcılara görə yemək gözlədiklərini aşkar etmişdi. O, təcrübə prosesində itlərə zəng səsinə görə ağız suyu ifraz etməyi öyrətmişdi.

Fotonun müəllifi Getty Images

Mədəniyyət şərtləri

Penniqton Biomedical Araşdırma Mərkəzinin qida və metabolizm üzrə araşdırmaçı əməkdaşı, dosent John Apolzan hesab edir ki, hər hansı yeməyi arzulamaq əsasən mədəniyyətin şərtləriylə izah edilə bilər.

Apolzan deyir ki, "Televizorda xoşladığınız bir verilişə baxanda popcorn yeyirsinizsə, o proqramı təkrar izlədiyinizdə porkorn yemək arzunuz artacaq".

Nəsə yemək arzusunu orqanizmimizdən daha çox kənar təsirlər yaradır.

Qərbdə ən çox şokoladın arzulanması göstərir ki, bu arzu hər hansı qida çatışmazlığından qaynaqlanmır. Çünki şokolad zəngin qida maddəsi deyil.

Onun çox arzulanan qida olması tərkibindəki feniletilamin maddəsiylə izah olunur. Bu maddə beyində xoşbəxtlik hormonu kimi tanınan dopamin və serotonin hormonlarının yaranmasına şərait yaradır.

Amma şokolad qədər çox arzulanmayan süd məhsullarında da bu molekul kifayət qədər çoxdur.

Şokolad yeyəndə feniletilamin maddəsini parçalayan bir ferment yarandığı üçün beyinə az miqdarı gedib çatır.

Qadınlar kişilərdən iki dəfə çox şokolad arzulayırlar.

Araşdırmalar Qərbdə onun xüsusilə menstruasiyadan əvvəl və sonra çox arzulanan qida olduğunu göstərir. Qan itkisi dəmir kimi bəzi mineral çatışmazlığına səbəb olsa da, alimlər şokoladda qırmızı ət və tünd yaşıl yarpaqlı tərəvəzlərdəki qədər dəmir olmadığını deyirlər.

Üstəlik, şokolad arzusu hormonlara görə yaransaydı, o, menopauzadan sonra da artmalıydı.

Amma kiçik miqyaslı bir araşdırma zamanı məlum olub ki, menopauzanın ardınca şokolad yemək arzusu azalır.

Şokolad arzusunun Qərb cəmiyyətinə xas olmasının mədəniyyət şərtlərindən qaynaqlandığı deyilir.

Araşdırmaların birində göstərilir ki, ABŞ-dan kənarda doğulmuş bir qadın bu arzunu daha az hiss edir və həmin hisslə menstruasiya arasında əlaqə ehtimalı da çox azdır.

Fotonun müəllifi Getty Images
Image caption Reklamlar və sosial mediada paylaşılan şəkillər hər hansı qidanı arzuladan siqnallarla doludur

Haqlı səbəb tapmaq ehtiyacı

Araşdırmacılar hesab edirlər ki, şokoladın menstruasiyayla əlaqələndirilməsi "tabu" olan qidaların məhz bu səbəbdən yeyilməsinin anlayışla qarşılanmasıdır.

Qərb mədəniyyətində "zəif" qadın bədəninin ideal hesab olunması şokolad yemək arzusunun haqlı səbəblərlə izah edilməsi hissini yaradır.

Başqa bir araşdırmaya görəsə, hər hansı qidayla bağlı güclü arzu onu yemək istəyilə ondan uzaq durmaq istəyi arasındakı qarşıdurmadan yaranır.

Bu, xüsusilə qadınlara aiddir - imtina etməyə çalışdıqları qidanı daha çox arzulayırlar.

Alimlər bunun neqativ hisslərə yol açdığını, arzuladığı qidanı yeyən insanların özlərini günahkar hiss etdiklərini deyirlər.

Neqativ ovqat isə daha çox yemək arzusu yaradır.

Araşdırmalar göstərir ki, şokolad yemək arzusu Qərbə xasdır, Şərq mədəniyyətində populyar deyil.

Üstəlik, qidaları arzulamaqla bağlı sözlər bütün dillərin sadəcə üçdə ikisində mövcuddur və əksər hallarda qidalara yox, narkotiklərə aiddir.

Bu sözlərin tam olaraq nə məna verdiyi barədə ortaq rəy də yoxdur. Bu, bəzi fərqli hiss və ya halların da qida arzusu olaraq qəbul edilməsinə səbəb ola bilir.

Fotonun müəllifi Getty Images
Image caption Bağırsaqlardakı mikroblar özlərinə daha əlverişli mühit yaratmaq üçün bizi onların ehtiyaclarına uyğun qidalanmağa yönləndirə bilir

Mikroblar bizimlə necə manipulyasiya edir?

Bağırsaqlarımızda trilyonlarca bakteriya var, onlar yemək tərzimizə və qida arzumuza təsir edə bilirlər.

Arizona Əyalət Universitetinin psixologiya üzrə dosenti Athena Aktipis deyir ki, mikrobların bizi orqanizmimizin yox, onların özlərinin ehtiyacı olan qidalar qəbul etməyə yönləndirməsiylə bağlı faktlar var.

Bağırsaqdakı müxtəlif mikroblar daha az və ya daha çox turşulu mühit kimi fərqli şəraitlərə üstünlük verə bilirlər. Yediyimiz yeməklər bağırsaqlardakı ekosistemə təsir edir və mikroblar özlərinə daha əlverişli mühit yaratmaq üçün bizi onların ehtiyaclarına uyğun qidalanmağa yönəldə bilirlər.

Bunu azan sinir (nervus vagus) vasitəsilə, bağırsaqlardan beyinə siqnal göndərməklə edirlər. Onların ehtiyacı olan qidaları yediyimiz zaman xoşbəxtlik hormonu olaraq bilinən dopamin və serotonin hormonlarının ifrazını təşkil edərək özümüzü daha xoşbəxt hiss etməmizə və beləliklə də həmin qidaları daha çox yeməmizə səbəb ola bilirlər.

Bu, hələ ki, təcrübədə təsdiqlənmiş olmasa da, alimlər mikrobların belə davranış formalaşdırdıqlarını bilirlər.

Aktipis deyir ki, mürəkkəb karbohidratlar və liflə zəngin qidalardan ibarət dieta bağırsaqlarda mikrob növlərinin sayını artırır və bu da öz növbəsində sağlam mühit yaranmasına gətirib çıxarır.

Fotonun müəllifi Getty Images
Image caption Dietamız nə qədər faydalıdırsa, hər hansı qida arzusunu faydalı qidalara yönəltmək də o qədər asan olur

Yemək arzusunu necə yox etmək olar?

Reklamlar və social mediada paylaşılan şəkillər yemək arzusunu gücləndirən siqnallarla dolu olduğu üçün bu arzunu yox etmək o qədər də asan deyil.

Bol şəkərli, zərərli qidalarla bağlı reklam bombardmanı beyni qıcıqlandırır və yemək arzusunu gücləndirir.

Bu cür qıcıqlandırıcıları azaltmağın praktik bir yolu olmadığı üçün alimlər bu problemi bilik strategiyalarıyla aradan qaldırmağa çalışırlar.

Bəzi araşdırmalar göstərir ki, qida arzusunun nədən qaynaqlandığını anlamağa və bununla bağlı mühakimələrdən yayınmağa əsaslanan tanıma üsulları bu işdə faydalı ola bilər.

Qida arzusundan xilas olmağın ən təsirli üsulunun həmin qidanın dietamızdan çıxarılması olduğunu göstərən araşdırmalar var. Təcrübə göstərir ki, hər hansı qidanı bir müddət daha az yediyimizdə onu arzulamaq hissimiz də azalır.

Bunun səbəbi daha az yeməyə başladığımız qidayla bağlı hisslərin hafizəmizdə köhnəlməyə başlaması ola bilər.

Amma alimlər bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər. İndilik bizə dayaq ola biləcək həqiqət budur ki, dietamız nə qədər faydalıdırsa, qida arzusunu faydalı qidalara yönəltmək də bir o qədər asandır.

Bu barədə daha geniş