Türkiyənin Rusiyadan S-400 raketlərini alması NATO üçün nə deməkdir?

S-400-lər Fotonun müəllifi Getty Images
Image caption Türkiyə Rusiyadan S-400-ləri almaqla NATO müttəfiqləriylə münasibətləri gərginləşdirib

ABŞ və onun NATO-da aparıcı müttəfiqi olan Türkiyənin maraqları bu yay toqquşa bilər.

Türkiyə Rusiyadan S-400 raketlərin alınmasında təkid edir.

İlk raketlər və onlarla bir işləyən radarlar Türkiyəyə iyul ayında göndərilə bilər.

ABŞ Ankarını bu məsələni bir daha nəzərdən keçirməyə çağırır.

ABŞ xəbərdarlıq edib ki, Ankara bu sövdələşmədən imtina etməsə Türkiyə Amerikanın istehsal etdiyi qabaqcıl F-35 hərbi təyyarə proqramından xaric ediləcək.

Yəni bu halda maraq toqquşmasının təhlükəsizlik, strateji və sənaye ölçüləri də var.

Bu problem Türkiyənin NATO üzvü kimi etibarlılığı və yeritdiyi diplomatik kursu barədə suallar doğurur.

Türkiyənin coğrafiyası, ölkənin NATO-nun cənub cinahında yerləşməsi və Suriya böhranında rolu nəzərə alınanda aydın olur ki, Türkiyə NATO-nun arxa çevirə biləcəyi ölkə deyil.

Türkiyənin S-400 raketlərini alması ilə bağlı Washington-un narahatlığının praktiki və təhlükəsizlik tərəfləri var.

Problem ondadır ki, Rusiyanın S-400 raket müdafiə sistemini NATO-nun regiondakı hava hücumundan müdafiə sisteminə uyğunlaşdırmaq asan deyil.

Çünki hava hücumu sistemləri - burada həm insanın idarə etdiyi təyyarə, həm də ballistik raketlərdən söhbət gedir - müxtəlif raket və radarlardan təşkil olunub və onların hər biri müxtəlif uçuş diapazonlu hədəflər üçün nəzərdə tutulub.

Və bu sistem tərkib hissələrinin sadəcə cəmi deyil: elementlərdən biri sıradan çıxsa, bütün sistem zəifləyəcək.

Rusiyanın istehsal etdiyi hava hücumundan müdafiə sistemləri keyfiyyətlidir.

Lakin yeni sistemin Türkiyə kimi NATO üzvü olan ölkədə yerləşdirilməsi təlimatçıların cəlb edilməsini və texniki dəstəyi tələb edir.

Bu isə müxtəlif növ təhlükəsizlik problemləriylə bağlı narahatlığa səbəb olur.

Rusiya həmin sistemlərin Türkiyədə qurulmasına kömək edərkən hansı məlumatları əldə edə bilər?

Bu məsələ ABŞ-ı narahat etməkdədir, çünki Türkiyə Amerikanın istehsal etdiyi F-35 hərbi təyyarələrini almaq istəyir. İlk iki təyyarə ABŞ-da Türkiyəyə artıq verilib - orada türk pilotları həmin təyyarələrdə məşq keçirlər.

ABŞ ehtiyat edir ki, Türkiyənin F-35 təyyarələrini də əhatə edən hava müdafiəsində Rusiyanın iştirakı Moskvaya hər cür kəşfiyyat xarakterli məlumatların toplamasına imkan verə bilər.

Türkiyə təkid edir ki, Rusiya raketlərinin və F-35 təyyarələrinin bazaları coğrafi baxımdan bir-birindən təcrid olunacaq.

Digər tərəfdən, Rusiya artıq F-35 təyyarələri barədə gərəkli məlumat toplamaq imkanına malikdir.

F-35 təyyarələri İsrail hərbiyyəsi tərəfindən istifadə olunur və Suriyada yerləşdirilmiş Rusiya radarları həmin təyyarələri yaxından izləməkdədir.

Lakin ABŞ Türkiyənin qərarından razı deyil. ABŞ-ın bir yüksəkrütbəli zabitinin bildirdiyinə görə, Amerika "F-35 təyyarəsinin imkanları barədə məlumatın Rusiya ilə paylaşılmasını istəmir".

S-400 raketlərinin Türkiyə müdafiə sisteminə inteqrasiya edilməsi cəhdləri NATO-nun hava hücumundan müdafiə sistemi barədə müxtəlif növ sirləri aşkarlaya bilər.

Bu ayın əvvəlində Trump administrasiyası mövqeyini aydın şəkildə bildirib.

ABŞ Müdafiə naziri Patrick Shanahan türkiyəli həmkarına yazdığı məktubda xəbərdarlıq edib ki, Ankara Rusiya raketlərini alacağı təqdirdə ABŞ-da məşq keçən bütün Türkiyə pilotları iyulun 31-dək ölkəni tərk etməli olacaqlar.

Ankara F-35-lərin istehsalı proqramının iştirakçısıdır, təyyarənin bəzi hissələri Türkiyədə hazırlanır. Belə ki, 937 ayrı-ayrı hissələrin 400-ü məhz Türkiyədə istehsal olunur.

Lakin ABŞ artıq həmin hissələrin başqa yerlərdə istehsal olunması üçün tədbirlər görməkdədir. Əslində, Türkiyənin bu proqramdan xaric edilməsi prosesi artıq başlayıb, lakin ABŞ rəsmiləri təkid edirlər ki, Türkiyə mövqeyini dəyişsə hər şey öz əvvəlki məcrasına qaytarılacaq.

Türkiyə Rusiya ilə sövdələşmədə irəliləcəyi halda iki NATO üzvü arasında bu cür görünməmiş dərəcədə yaranan ziddiyyətli vəziyyət Ankaranın Atlantik alyansda mövqeyinə dair müxtəlif növ suallar qaldırmaqdadır.

Lakin Türkiyənin NATO-dakı mövqeyinə kölgə salan təkcə bu məsələ deyil.

Türkiyə Suriyada kürdlərə dəstək verdiyinə görə ABŞ-dan artıq narazı idi.

Digər tərəfdən, Ankarının getdikcə güclənən avtoritar üsul-idarəsi Türkiyə ilə Qərb dəyərlərini qoruyan NATO-nun bir çox üzvləri arasında digər növ qarşıdurma yaradır.

Suriyada aparıcı oyunçulardan biri olan Rusiyayla Türkiyənin taktiki yaxınlaşması bütün bu qarışıqlı vəziyyətə daha bir gərginlik xətti əlavə etmiş olur.


S-400 raketləri necə işləyir?

  1. Uzaqmənzilli radar obyektləri izləyərək məlumatı idarəedici məntəqədə yerləşən nəqliyyat vasitəsinə ötürür, potensial hədəf yoxlanılır.
  2. Hədəf seçilir və idarəedici nəqliyyat vasitəsindən raketin buraxılması əmri gəlir.
  3. Raket buraxılışına start əmri ən yaxşı mövqe tutan raketdaşıyıcı nəqliyyat vasitəsi tərəfindən yerinə yetirilir.
  4. Müşayiətedici radarlar raketləri hədəfə yönəltməyə kömək edir.

Bu barədə daha geniş