Səadət duyğusuyla ölmək: həyatımızın son dəqiqələri bizi xoşbəxt edə bilərmi?

У постели умирающей Fotonun müəllifi Getty Images

Həyatının son dəqiqələrində insan böyük yüngüllük hiss edə bilər. Həmin an bizim şüurumuzda və orqanizmimizdə nələr baş verir? BBC Future "The Conversation" saytıyla birlikdə hazırladığı məqalədə bu suallara cavab verməyə çalışıb.

"Öləndən dərhal sonra insan sadəcə yatmış kimi görünür. Üzündə neytral ifadə olur. Bir qohumum vardı, dərman atmayanda çox ciddi ağrıları olurdu. Elə ki, öldü, üzü işıqlandı və çox məmnun bir ifadə aldı. Uzun illər mən bu haqda düşündüm: həyatın son dəqiqələri insana səadət bəxş edə bilərmi? Ölüm anı orqanizmdə endorfin seli yarada bilərmi - xüsusilə də ağrıkəsicilər olmayanda?"

Bu sualı saytımıza Heksinborq şəhərinin (İsveç) 77 yaşlı sakini Göran ünvanlayıb. Biz palliativ terapiya üzrə mütəxəssis Seamus Coyle-dan onu cavablandırmağı xahiş etdik.

Şair Dylan Thomas ölüm haqqında çox yazıb. Məsələn, "Ölümün qaranlığına təslim olma" adlı məşhur şeirində belə misralar var:

Sabah əbədi gecə səni aparacaq?

Bu gündən lənətlə,

İşıq ölməz de,

Əyilmə.

Həyatın ölümə qarşı mübarizədən ibarət olması geniş yayılmış fikirdir. Ölümlə barışmaq, onu sevinclə qarşılamaq necə, mümkündürmü?

Palliativ terapiya mütəxəssis olaraq deyə bilərəm ki, ölümdən əvvəlki iki həftə ərzində bir çox xəstələrdə oxşar proseslər baş verir.

Həmin günlərdə insan zəifləyir, vəziyyəti ağırlaşır. Yeriməyə çətinlik çəkilir, elə hey yatmaq istəyir, oyaq qaldığı saatların sayı getdikcə azalır.

Ölümünə iki-üç gün qalmış yeməkdən-sudan kəsilir, dərman qəbul edə bilmir.

Palliativ terapiya mütəxəssisləri bunu - həyatın xeyli sürətlə keçən finalını aktiv ölüm fazası adlandırırlar. Adətən, son nəfəsə 2-3 gün qaldığını göstərir.

Ancaq çoxlarında bu faza bir gün ərzində də yekunlaşa bilir. Bir həftə boyu ölümlə çarpışma halları da var və bu, xəstənin ailə üzvlərinin ağır iztirablarına səbəb olur.

Yəni ayrı-ayrı adamlarda fərqli hallar müşahidə edilir və kimin sonunun necə olacağını əvvəlcədən demək mümkün deyil.

Ölüm anında insanın orqanizmində nə baş verdiyini anlamaq çətindir. Ancaq hələ dərc etdirmədiyim araşdırmamın nəticələri göstərir ki, sona yaxınlaşdıqca, orqanizm, adətən, stress vəziyyətinə xas olan kimyəvi maddələr istehsal etməyə başlayır.

Ölümə bir neçə dəqiqə qalanda isə neyrokimyəvi aktivlik qəflətən artır. Onkoloji (və bir neçə başqa) xəstəliklərdə iltihab prosesinin əlamətləri müşahidə olunur.

Fotonun müəllifi Javier Hirschfeld/Getty Images
Image caption Ola bilsin, həyatımızın son dəqiqələrində beynimiz bizi ağrılardan qorumağa çalışır

Həyatın son dəqiqələriylə bağlı sual verən oxucumuz Göran orqanizmin ölümqabağı endorfin istehsal edib-etməməsiylə maraqlanır. Hələ ki, bunu araşdıran olmayıb.

Hərçənd 2011-ci ilə aid bir araşdırmanın nəticələri göstərir ki, ölüm anında altı siçanın beynində serotoninin (xoşbəxtlik hissi yaratdığı deyilən neyromediator növü) miqdarı altı dəfə artıb. Mümkündür ki, insanlarda da buna bənzər hal yaransın.

Göran-ın bu ehtimalı maraqlıdır və insan orqanizmində endorfinlə serotoninin səviyyəsini müşahidəyə imkan verən texnologiya da artıq mövcuddur.

Buna baxmayaraq insanın son saatlarında ondan bir neçə dəfə qan almaq xeyli problemli məsələdir.

Belə bir araşdırmaya maliyyə dəstəyi tapmaq da çətindir. Müqayisə üçün deyim ki, Britaniyada 2015-2018-ci illərdə onkoloji xəstəliklərin öyrənilməsinə 580 milyon funt, palliativ terapiyaya isə 2 milyon funt vəsait ayrılıb.

Ancaq qeyd etmək lazımdır ki, ağrıkəsicilərin (məsələn, morfinin) orqanizmdə endorfin istehsalına mane olmasıyla bağlı hər hansı dəlil yoxdur.

Ölüm anı heç də həmişə ağrıyla müşayiət olunmur. Mənim öz müşahidələrimə və həmkarlarımla diskussiyalara əsasən belə qənaətə gəlmək olar ki, daha əvvəl ağrıdan əziyyət çəkməyən adamlar öləndə də ağrı hiss etməyə bilirlər.

Səbəbini bilmirik - ola bilsin, hansısa şəkildə endorfinlərlə əlaqəlidir. Ancaq bununla bağlı hər hansı araşdırma aparılmayıb.

Güclü ağrıları azaltmaq üçün beyində eyni vaxtda bir neçə proses gedə bilər. Məsələn, çox vaxt döyüş zamanı əsgərlər ağrı hiss etmirlər - onların diqqəti başqa şeylərə yönəlmiş olur.

Oksford Universitetindən İrene Tracy-nin araşdırması göstərir ki, plasebo, özünütəlqin və dini inanclar ağrıya qalib gəlmək üçün böyük gücə sahibdirlər. Buna meditasiya da kömək edir.

Səadət duyğusu

Ölüm anındakı səadət duyğusunu endorfinlərdən başqa nə yarada bilər?

Orqanizm öz funksiyalarını dayandırdıqca, beyin də başqa cür fəaliyyət göstərməyə başlayır. İnsanların son nəfəsdə hiss etdiklərini bəlkə həm də bununla izah etmək olar.

İnsultdan sonra ölümün bir addımlığında olmuş amerikalı neyroanatom Jill Bolte-Taylor həmin an hiss etdiklərini TED-in tədbirlərindən birində eyforiya və hətta "nirvana" adlandırıb.

Maraqlıdır ki, beyninin sağ tərəfi zədələnmiş Jill Bolte-Taylor kimi, sol tərəfində problem olmuş şəxslərdə də ali güclə təmas hissiyatı yaranıb.

Fotonun müəllifi Getty Images
Image caption Dini dünyagörüşü ölümqabağı vəziyyətə təsir edir, ancaq bu, bütün inanclıların rahat ölməsi demək deyil

Yəqin ki, sizin doğmalarınız və ya tanışlarınız arasında da belə ruhi vəziyyət keçirmiş, hətta hansısa həqiqətləri dərk etmiş şəxslər var.

Məsələn, mən bilirəm ki, babam öləndə əlini uzadıb kimisə və ya nəyisə göstərməyə çalışıb. Dindar katolik olan atam hesab edir ki, həmin an o, nənəmi görürmüş. Babam üzündə təbəssüm vəfat edib və bu, atamda dərin rahatlıq hissi yaradıb.

Buddistlər üçün ölüm anı müqəddəsdir. Onlar hesab edirlər ki, karmamızdan asılı olaraq ölüm anı şüurumuz üçün reinkarnasiya təkərini durdurmaq və ya daha yaxşı şərtlərdə doğulmaq fürsətidir.

Ancaq bu o demək deyil ki, son dəqiqələrində dindarlar başqalarından daha xoşbəxt olurlar. Mən ölüm anında keşişlərin və rahibələrin necə böyük həyəcan keçirdiklərinə şahid olmuşam - ola bilsin, onlar yüksək məhkəmədən qorxurdular.

İnsanlar dünyanı müxtəlif cür tərk edirlər. Siz kimin rahat öləcəyini əvvəlcədən təxmin edə bilməzsiniz.

Ölüm anında yanında olduğum adamların bəzilərində endorfin faktoru hiss etməmişəm. Bizim xəstəxanada vəfat edən gənclərin çoxu ailələrindən ayrılmağı qəbul edə bilmirdilər və ona görə də ölüm prosesi mənəvi baxımdan onlar üçün çox ağrılıydı.

Ölümün qaçılmazlığıyla barışanlarsa son dəqiqələrində səadət duyğusu hiss edə bilirlər.

Ölümcül xəstələrə xidmət səviyyəsi də vacib şərtdir. Ağciyər xərçəngidən əziyyət çəkən xəstələrlə bağlı araşdırma göstərir ki, daha tez palliativ yardım almağa başlamış şəxslər daha rahat olur və daha çox yaşayırlar.

Yumurtalıqlarında xərçəng olan bir qadını xatırlayıram - onu damardan qidalandırırdılar, çünki özü yeyə bilmirdi.

Bu şəkildə qida qəbul edən şəxslər üçün infeksiyalara yoluxmaq riski çox böyükdür. Həyatına ciddi təhlükə yaratmış ikinci və üçüncü yoluxmalardan sonra həmin qadın çox dəyişmişdi.

Onun içindəki rahatlıq hissini az qala toxunmaq mümkünmüş kimi hiss etmək olurdu. Bəzən qısa müddətə xəstəxanadan çıxıb evinə gedir, qayıdanda qürubların gözəlliyindən danışırdı.

Belə insanlar uzun müddət yaddan çıxmır, onların sayəsində öz həyatımız haqqında düşünməyə başlayırıq.

Fotonun müəllifi Getty Images
Image caption Ölümlə, onun qaçılmazlığı fikriylə barışan insanlar, adətən, həyatdan rahat gedirlər

Nəticə etibarilə biz ölüm anında insanın başına nə gəldiyini bilmirik.

Tibbin mövcud olduğu 5000 il ərzində biz ürək tutması və ya boğulma zamanı insanın necə öldüyünü anlamağı öyrənmişik, amma xərçəngin və ya ağciyər iltihabının gətirdiyi ölüm anında nə baş verdiyini bilmirik. Bu hallarda bizim edə bildiyimiz tək iş prosesi təsvir etməkdir.

Mənim araşdırmam ölüm prosesini mistifikasiyalardan "təmizləməyə", onun biologiyasını anlamağa və insan həyatının son həftə və günlərinin modelini hazırlamağa yönəlib.

Yəqin ki, zamanla biz endorfinlərin son saat və dəqiqələrdəki rolunu öyrənəcəyik.

Çox mümkündür ki, həyat və ölüm arasında biz ən vacib, ən dərin duyğular yaşayırıq.

Ancaq bu, "işığın ölməsiylə razılaşmalıyıq" şəklində yozulmamalıdır. İsveç diplomatı Dag Hammarskjöld dediyi kimi, "Ölümü axtarmayın, o özü gəlib sizi tapacaq. Ölümü nailiyyətə çevirən yolu axtarın".

--

Seamus Coyle - Liverpool Universitetinin elmi əməkdaşıdır.

Məqalənin orijinalı buradan oxuyun BBC Future.

Bu barədə daha geniş