Uzupis: Azad ruhlar respublikası

Qadın Fotonun müəllifi Christian Harberts / Alamy Stock Photo
Image caption Uzupis konstitusiyasının müxtəlif dillərdə tərcümələri güzgülü lövhələrə həkk olunaraq Konstitusiyalar Prospektində asılıb

Bir zarafat düşünün ki, 1 Aprel Ümumdünya Gülüş Günü lətifəsi kimi başlasın və öz hakimiyyəti, konstitusiyası və valyutasına malik dünyanın ən cırtdan respublikalarından birinə çevrilsin.

Litvanın paytaxtı Vilnüs şəhərinin tərkibində yerləşən Uzupis respublikasına getmək üçün sadəcə olaraq kiçik bir körpüdən keçmək lazımdır.

Sakinlərin sözlərinə görə, bu körpünü keçərkən Uzupis Su Pərisinin gözlərinə baxan insan bir daha buranı tərk etmək istəmir.

2002-ci ildə heykəltəraş Romas Vilciauskas tərəfindən inşa edilən bu bürünc fiqur qonaqları cırtdan respublikanın girişində qarşılayır.

Yerlilər iddia edirlər ki, dünyanın hər tərəfindən qonaqları buraya cəlb edən də məhz həmin su pərisidir.

Fotonun müəllifi Leonard Saw
Image caption Litvanın paytaxtı Vilnüsün tərkibində yerləşən Uzupis Respublikası 1 kvadrat kilometrdən də kiçik əraziyə malikdir

Litvanın paytaxtı Vilnüsün daxilində yerləşən Uzupis Respublikası, dünyanın ən cırtdan respublikalarından biri hesab olunur və 1 kvadrat kilometrdən də kiçik əraziyə malikdir.

Amma ölçüsü sizi aldatmasın. Respublikanın öz prezidenti, hökuməti, konstitusiyası və valyutası var, hətta üç və ya dörd kiçik qayıqdan (adətən mərasim məqsədilə istifadə olunurlar) ibarət şəxsi donanmasına belə sahibdir.

Bu yaxınlara qədər 10 kişidən ibarət ordusu da mövcud olsa da, respublikanın sülhsevər münasibəti nəzərə alınaraq ordu istefaya göndərilib.

Uzupis Sovet dövrü arxitekturası ilə bədii zövqün eklektik yanaşmasını əks etdirir.

1990-cı illərin əvvəllərində dağılan SSRİ-dən sonra, Vilnüs boyunca Sovet simvolları və ikonlarını əks etdirən çoxsaylı heykəllər görmək olardı.

1995-ci ildə bir qrup yerli sənətçi onlardan birindən istifadə edərək, azadlıq simvolu və demokratiyaya çağırış kimi ABŞ-lı məşhur rok ifaçısı Frank Zappa-nın (baxmayaraq ki, o, heç vaxt burada olmayıb) heykəlini ucaltmaq qərarına gəlir.

İki il sonra, 1997-ci il aprelin 1-də onlar daha bir addım atırlar və Uzupis məhəlləsini Litvadan azad respublika elan edirlər.

Uzupis xarici dövlətlər tərəfindən tanınmasa da, Vilnüsün və Litvanın fəxrinə çevrilməyi bacarıb.

Litva dilində "çayın o yanı" mənasına gələn Uzupisi şəhərin qalan hissəsindən Vilnele çayı ayırır.

Respublika hər il aprelin 1-ni Uzupis Günü adı altında müstəqilliyini qeyd edir.

Həmin gün körpünü keçib, respublikaya ayaq basan səyahətçilərin pasportlarına möhür vurulur, yerli (qeyri-rəsmi) valyutadan istifadə edilir və qonaqlar, əsas meydandakı su kranından axan pivədən ürəkləri istədiyi qədər içə bilirlər (həqiqətən də).

Fotonun müəllifi Mauritius images GmbH / Alamy Stock Photo
Image caption Sakinlərin sözlərinə görə, respublikaya daxil olan zaman Uzupis Su Pərisinin gözlərinə baxan insan bir daha buranı tərk etmək istəmir

Bir qrup yaradıcı insan tərəfindən 1 Aprel Ümumdünya Gülüş Günü lətifəsi kimi başlayan zarafat, artıq ciddi bir fəaliyyətə çevrilib.

Hal-hazırda Uzupis respublikasının bir sıra dillərə tərcümə olunmuş konstitusiyası da var.

Uzupisin Xarici İşlər naziri Tomas Cepaitis (həm də bu cırtdan dövlətin qurucularından biridir) izah edir ki, respublika Aristotelin hər gözəl şəhərin sakinlərinin sayı məhdud olmalıdır fəlsəfəsi əsasında yaranıb.

"Biz, yaxşı ölkənin 5000-dən artıq vətəndaşı olmamalıdır fikri əsasında öz yeni kiçik ölkəmizi yaratmaq istəyirdik. Çünki insan yaddaşı bu saydan daha çox simanı xatırlaya bilmir," o deyir.

"Hamı bir-birini tanıyır, buna görə də bir-birini aldatmaq və manipulyasiya etmək çətindir."

Respublikanın bayrağı Müqəddəs Əl kimi tanınır: ortasında dəlik olan mavi əl. Bu isə rüşvət qəbul etməmək mənasını verir.

"Əsas məsələ odur ki, bizim gizlətməyə heç bir şeyimiz yoxdur," ərazidə 18 ildir ki, yaşayan və Uzupisin Turizm naziri olan Kestas Lukoskinas mənə deyir.

Cepaitis-ə görə, o və respublikanın həmtəsisçiləri müasir həyatın diqqət yayındıran yanlarından uzaqlaşmaq və mühüm olan əsaslar üzrə birləşmək üçün bir yer yaratmaq istəyiblər.

Fotonun müəllifi Ana Flašker / Alamy Stock Photo
Image caption 1 Aprel Ümumdünya Gülüş Günü lətifəsi kimi başlasa da, Uzupisi-in artıq öz hakimiyyəti, konstitusiyası və valyutası var

"Körpünü keçdinsə, özün olursan. Heç bir sosial rol oynamırsan, heç kimə aid deyilsən, yalnız özünə aidsən. Kim olduğunu düşünə bilirsən və bütün bəşəriyyətin oynadığı dəli yarışa qoşulmadan da yaşamağın mümkünlüyünü anlayırsan."

Lukoskinas da bu fikirlə razıdır.

"Uzupisdəki atmosfer tamamilə fərqlidir," o deyir.

"Özünü daha xoşbəxt və rahat hiss edirsən. Pivəxanaya gedib, şəhərin meri və ya tanınmış basketbolçu, yaxud rəssam ilə söhbət edə bilərsən və hər kəs sadəcə olaraq istirahət edir. İstənilən başqa bir yerin lüks barları və lüks restoranlarına getsəniz, Uzupisdə mövcud olmayan məhdudiyyətlər və qaydalarla qarşılaşarsınız."

Respublikanın hekayəsi maraqlı və həzz verici səslənsə də, ərazisinin tarixi barəsində eyni sözləri demək mümkün deyil.

20-ci əsrin ortalarında, ərazidə Sovet hakimiyyəti sürdüyü dövrlərdə, rayon tərk edilmiş bir yer imiş və şəhərin təhlükəli hissəsi sayılırmış.

Buranın ən çox işlədilən küçələrindən biri Uzupis küçəsi bir vaxtlar 'Ölüm Küçəsi' adlandırılırmış.

Buna səbəb təkcə yüksək cinayət göstəricisi yox, həm də burada yaşayan və Holokost (yəhudi soyqırımı) zamanı sayı azalan yəhudi əhalisi olub.

Hazırda qənbər daşlarla döşənmiş dolanbac küçələri fərqli incəsənət nümunələri və yenilənmiş həyat tərzi bəzəyir.

1997-ci ildə müstəqillik təmin edildikdən sonra, konstitusiya tərtib olunur. Tərtibat prosesi 1998-ci ilin bir yay günü cəmi üç saat çəkir.

Konstitusiyanın yaradıcıları isə Cepaitis və Uzupisin prezidenti Romas Lileikis-dir.

"Biz respublikamızı yenicə elan etmişdik və o (Lileikis), isti suyu olmadığına görə mənim evimə gəlmişdi. Bu səbəbdən də isti su ilə bağlı bənd var," konstitusiyanın ikinci maddəsinə nəzərən deyir.

Bu maddədə göstərilir ki, hər kəsin isti su, qışda istilik və kirəmitli dam haqqı var.

"O, vanna qəbul etdikdən sonra, biz düşündük ki, artıq respublikamız varsa, bir sənədə də ehtiyacımız var. Beləliklə oturub, onu yazdıq."

Konstitusiyaya, Uzupisin azad düşüncə ideallarını əks etdirən 41 maddə daxildir.

'Hər kəsin ölmək haqqı var, lakin bu mükəlləfiyyət deyil', 'Hər kəsin anlamaq haqqı var', 'Hər kəsin anlamamaq haqqı var' kimi çaşdırıcı bəndlər görmək mümkündür.

Hətta respublikanın ev heyvanları da diqqətdən kənarda qalmayıb: 'itin it olmaq haqqı' var və 'pişiyin sahibini sevmək kimi öhdəliyi yoxdur, amma ehtiyac olan zamanlarda köməyini əsirgəməməlidir'.

Fotonun müəllifi Hemis / Alamy Stock Photo
Image caption Uzupisin simvolu Müqəddəs Əl kimi tanınır: ortasında dəlik olan mavi əl. Bu isə rüşvət qəbul etməmək mənasını verir

"Pişiklər haqqında mən yazdım, çünki pişikləri sevirəm. Lileikis isə itlər haqqında yazdı, çünki itləri sevir," Cepaitis izah edir.

Bu, bir növ poetik balansdır.

Güzgülü düzbucaq lövhələr üzərinə həkk olunan nizamnamə, Konstitusiyalar Prospekti adlanan küçə boyunca asılıb.

30-dan çox metal lövhənin hər biri konstitusiyanı fərqli dildə əks etdirir.

Ən yeni lövhə isə latınca yazılandır ki, sentyabr ayında baş tutan Baltikyanı ölkələri səfəri zamanı Papa özü asıb.

Konstitusiyalar Prospekti respublikanın mərkəzinə aparır. Burada isə Arxanqel Gabriel-in heykəli ucalır.

Uzupis Mələyi adlı bu heykəl 2002-ci ildə inşa olunub. O, böyümə və yenidən doğulma simvoludur.

Uzupisdəki bir çox şeylər kimi hakimiyyətin quruluşu və rəsmilərin təyinatı da çox rahat həll olunur.

Parlament binası isə yerli qəhvəxana-pivəxanadır.

Mikro-dövləti on-on iki nəfərdən ibarət nazirlər qrupu idarə edir.

Uzupisin siyasətinə qoşulmaq istəyən hər bir kəs yerli icmanın aktiv üzvü olmalıdır.

"Ən vacib məsələ, tanınmaqdır. Futbol naziriyəm və ya Oyun naziriyəm deyə bilərsən, problem yoxdur. Lakin tanınmalısan," Lukoskinas deyir və əlavə edir ki, siyasətin bu azad tərzinin cazibədarlığını başa düşür.

"Bu üsul insanı gündəlik həyatın və diplomatik protokolun gərginliklərindən azad edir. Rahat şəkildə baş nazir və ya prezident ilə pivə içə bilərsən. Amma bizim oyunumuz kifayət qədər ciddidir," o gülümsəyərək söyləyir.

Qeyri-adi səslənsə də, bu sistem 21 ildir ki, işə yarayır.

21 il ərzində prezident (zarafatla bəzən məzuniyyət götürmək istədiyini etiraf edir) və nazirlərin əksəriyyəti dəyişilməyib.

Onlar əksər bazar ertəsi günləri qrup görüşü keçirirlər. Birlikdə siyasi dalğalar yaradır, qeyri-rəsmi olsa da, digər ölkələrlə əlaqələr qurmaq üzrə aktiv iş aparırlar.

Uzupisdə həm də Tibet Meydanı adlı park yerləşir.

Uzupisin Dalay Lamanı mədəni yox, siyasi mənada fəxri vətəndaşı elan etmək qərarını Çin acıqla şərh edib (Uzupis vətəndaşları bəyanatla nə razıdırlar, nə də narazı).

Fotonun müəllifi Luis Dafos / Alamy Stock Photo
Image caption İldə bir dəfə aprelin 1-i respublikaya ayaq basan səyahətçilərin pasportlarına möhür vurulur

Uzupis respublikası yarandığı 1997-ci ildən bəri turistlərin marağını cəlb edir.

Gözlənilməz olsa da, respublikada təkmilləşmə, inkişaf yaşanıb və beləliklə daşınmaz əmlak qiymətləri sürətlə yuxarı qalxıb.

"Hazırda Qədim Şəhərdən sonra, Vilnüsün ikinci ən bahalı hissəsi Uzupisdir. Adi rəssam buradan ev ala bilməz. Bunun üçün məşhur və varlı olmalısan," Lukoskinas deyir.

Bu isə bəzi nazirlərdə narahatçılıq doğurub. Belə ki, onlar mədəniyyətlərinin, həyat tərzlərinin artan turist və əhali sayı ilə birlikdə itəcəyindən qorxurlar.

Lakin Cepaitis, Uzupis ideallarının daha geniş yayılacağına ümid edir.

"Yer üzündə bu cür ölkə arzulayan insanlarla tanış olmaqdan həzz alıram. Biz bu işə başlayan zaman ümidim, xəyal ilə reallığın qarışımını bir arada görmək idi," o deyir.

"Onlar öz ölkələrini bu reallıqda tapa biliblər. Bu, onların əsas məqsədidir və məni çox xoşbəxt edir."

Su Pərisinə baxanların təsirə düşməsinə inanmamaq olmur.

  • Bu məqaləni ingilis dilində BBC Travelsaytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuya bilərsiniz.

Bu barədə daha geniş