Sezar salatını kim və harada yaradıb?

ABŞ-ın ən tanınmış yeməklərindən biri olan sezar salatı Meksikada icad edilib Fotonun müəllifi Lindsay Lauckner Gundlock/Alamy
Image caption ABŞ-ın ən tanınmış yeməklərindən biri olan sezar salatı Meksikada icad edilib

Dünyanın ən qələbəlik sərhəd keçid məntəqəsi - Meksika (Tijuana) ilə ABŞ-ı (San Diego) birləşdirən San Ysidro Port keçidində cümə gününün erkən saatlarıdır.

Bəzi meksikalılar bir iş həftəsini başa vurub geri qayıdır, bəzi amerikalılar isə həftəsonuna erkəndən start verirlər.

Mən nahar etmək üçün sezar salatının icad olunduğu restorana, Tijuanaya gedirdim.

Bəli, elədir ki var. ABŞ-ın ən məşhur yeməklərindən biri Meksikada icad olunub.

Pasportuma möhür vurulduqdan sonra səyyar satış köşklərinin yanından keçib Avenue Revolucion istiqamətində hərəkət etdim. Sərhəddən restorana 25 dəqiqəlik piyada yol edir.

Caesar's Restaurante-Bar 1927-ci ildən bəri Tijuana-nın mərkəzində yerləşir. Binanın qarşısındakı palma ağacları qırmızı hərflərlə yazılmış "Caesar's" sözünün önünü kəsir.

Restoranın önündə həmçinin onun təsisçisi Cesare Cardini-nin portreti asılıb və bu sözlər yazılıb: "Əfsanəvi Sezar salatının vətəni".

1910-cu illərdə İtaliyadan ABŞ-a mühacirət etmiş Cardini ilk əvvəl Sacramento-da, daha sonra isə San Diego-da restoran açıb. Lakin 1920-ci illərdə ABŞ-da alkoqollu içkilərə qoyulmuş qadağadan sonra o, sərhədi keçərək Tijuana-ya gəlib və 1927-ci ildə biznesini indiki məkanına gətirib. O, 2003-cü ildə vəfat edib.

Cardini-nin qızı Rosa-nın da təbliğ etdiyi kimi, onun atası bu yeməyi 1924-cü il iyulun 4-də icad edib. Rəvayətə görə restoran məhz bu gün, ABŞ-ın müstəqilliyi günü müştəri ilə dolu olduğu üçün ərzaq qıtlığı yaranıb.

Cardini tez-tələsik kahı yarpaqlarını, çiy yumurta sarısını, Parmesan pendirini və digər artıq qalmış məhsulları bir-birinə qataraq belə bir sürpriz dadlı yemək əmələ gətirib.

Fotonun müəllifi Sandy Huffaker/Corbis via Getty Images
Image caption Tijuana-dakı Caesar's Restaurant-Bar bu əfsanəvi salatın evi sayılır

Təbii ki, mən "Caesar's"da salat yemək üçün sərhədi keçən ilk şəxs deyiləm. 1920-ci illər ərzində çoxlu sayda amerikalı film ulduzu alkoqollu içkilərə qoyulmuş qadağa səbəbindən Tijuana-ya üz tutub. Tezliklə bu salat haqqında təriflər Hollywood elitasına qədər gedib çıxıb.

Clark Gable və Jean Harlow da bu zəngin reseptli yeməyin dadına baxmaq üçün Tijuana-ya gəliblər. Tanınmış amerikalı aşpaz Julia Child öz kitabında 1920-ci illərdə uşaq olarkən valideynləri ilə bu restorana baş çəkmələrindən və Cardini-nin salatı necə hazırlamasından yazır.

"Bu salatın şöhrəti sahildən sahilə gəzirdi", Chiled yazırdı. "Onun sorağı hətta Avropaya gedib çıxmışdı".

Beləliklə sezar salatı tezliklə Meksika və Qızıl ştatdan (California) çıxaraq bütün dünyaya yayılır. 1940-cı illərdə Gourmet Magazine yeməyi "günümüzün qastronomik məqamı" adlandırıb.

1953-cü ildə isə Parisdə yerləşən Beynəlxalq Epikürçülər Cəmiyyəti yeməyi "son 50 ildə Amerikadan çıxmış ən dadlı resept" kimi təqdim edib.

Cardini ailəsi Tijuana-da şöhrət qazanaraq Los Angeles-ə köçür və 1948-ci ildə ailənin ad-san qazanmış salatının patentini əldə edir. Bu gün o, hələ də Caesar Cardini-nin salatı kimi satılır.

Lakin brend hazırda ABŞ-da yerləşsə də, onun kökü Tijuana-ya çıxır. İndi isə bu şəhərin müasir tarixinə nəzər salsaq, cinayət və zorakılığın hökm sürdyünü görərik. Hazırda Cardini ailəsinə məxsus olmayan Caesar's restoranı 2009-cu ildə bağlanır. 2010-cu ildə isə yerli Plascencias ailəsi restoranı bərpa edərək yenidən müştərilərin üzünə açır.

"Sezar bu şəhərin simvoludur", Tijuana-da ulduz aşpaz sayılan Javier Plascencia deyib. "Bu, şəhərimizin mədəni tarixinin yadigarlarındandır".

Fotonun müəllifi Lindsay Lauckner Gundlock/Alamy
Image caption "Sezar bu şəhərin simvoludur", Javier Plascencia

İndi Caesar's restoranı köhnə Avropa tərzində bərpa edilib. Onun ağ-qara metlax döşəməsi və qəhvəyi ağacdan hazırlanmış barı var. Ofisiantların ağ köynəkləri və qara qalstukları gözə çarpır. Restoranın divarlarını Tijuana-nın qədim foto şəkilləri bəzəyir, tavandan axan tutqun işıq isə restorana xüsusi intim əhval qazandırır.

Sezar salatını sifariş etmək sanki əyləncəli bir nümayişin düyməsini basmağa bənzəyir. Sezar salatı təkcə resept deyil, o bir növ xoreoqrafiyadır; ləziz sousla kahının həzin rəqsi.

Tamaşa ofisiantın salat arabasını gətirməsilə başlayır. Ofisiant kiçik qaşıq dolu sarımsaq farşını böyük taxta kasaya tökərək, daha sonra onun üzərinə xardal, ançous filesi və bir qədər Worcestershire sousunu əlavə edir.

O, yumurtanı qıraraq onun sarısını kasaya boşaldır. Daha sonra ofisiant kasaya laym sıxır və taxta qaşıqla bütün bu tərkibi qarışdırır. Salat qarışdırılarkən üzərinə zeytun yağı və Parmesan pendiri də əlavə olunur.

Hazır olduqdan sonra ofisiant salatı kahı ilə bərabər boşqaba yerləşdirir. Bundan sonra isə onun üzərinə qara istiot, qurudulmuş çörək və hətta bir qədər də Parmesan pendiri səpir.

Fotonun müəllifi L Sasha Gora
Image caption Caesar's restoranında tanınmış sezar salatını masanın yanında hazırlayırlar

Salatın adı və Rosa Cardini-nin atası haqqında dediklərinə baxmayaraq, bu yeməyi əslində kimin ixtira etdiyi hələ də sirr olaraq qalır. Meksikalı yemək müəllifi Diana Kennedy özünün Meksikanın əsas yeməkləri kitabında iddia edir ki, bu salatı əslində Caesar-ın qardaşı Alex ixtira edib.

Kennedy-ə görə, Alex 10 yaşı olarkən İtaliyada restoran biznesində işləməyə başlayıb. O, Birinci Dünya Müharibəsində pilot olub və daha sonra 1926-cı ildə Tijuana-ya köçərək qardaşı ilə birgə restoran açıb.

"Əvvəlcə Təyyarəçi salatı kimi tanınsa da, daha sonra bu salat məşhurlaşıb sezar adlanmağa başlayıb, lakin mən onu bu cür adlanırardım : Alex-Caesar Cardini salatı", Kennedy yazır.

Alex və Caesar-ın şəriki olan Paul Maggiora da onu ilk dəfə özünün hazırladığını iddia edir.

Başqa bir versiyaya görə isə salatın əsl müəllifi restoranən gənc işçisi Livio Santini olub. İtaliyadan olan Santini 1924-cü ildə Tijuana-ya köçüb, Cardini-nin yanında aşpaz kimi işə başlayıb və guya ki, ilk dəfə anasının ona hazırladığı bu salatı təqdim edib.

Bu gün hətta restoranın internet saytında da belə yazılır: " Bu salatı Caesar Cardini, yoxsa Livio Santini ixtira edibʔ Düzü, biz salat ərsəyə gələn zaman orada olmamışıq. Lakin biz həm cənab Cardini, həm də cənab Santini-ni hörmətlə yad edirik"

Əsl müəllifinin kim olmasından asılı olmayaraq salat ABŞ-a köçdükdən sonra onun vacib inqredientlərindən biri dəyişib. İndi bir çox reseptlərdə təzə laym deyil, limon şirəsindən bəhs edilir. Hətta Britannica ensiklopediyası da onu limon salatı kimi təqdim edir.

Fotonun müəllifi Lindsay Lauckner Gundlock/Alamy
Image caption Caesar's restoranındakı salat sousu limon deyil, laym şirəsi ilə hazırlanır.

James Beard mükafatının qalibi olan yemək yazıçısı Carolynn Carreno Tijuana-da doğulub və bu limon-laym mövzusunu sadə anlaşılmazlıqla əlaqələndirir.

"Problem ondadır ki, ispan dilində layma limon deyilir və bu da elə limon (lemon) kimi səslənir", müəllif yazır. Məsələ burasındadır ki, ispanca limona da elə limon deyilir.

Carreno-nun atası da 1950-ci illərdə Caesar's -da işləyib və onun dediyinə görə uşaq vaxtı yediyi orijinal sezar salatı həmişə kiçik, yaşıl Meksika laymı ilə hazırlanıb.

96 il bundan əvvəl Tijuana-da hər kimsə ilk dəfə olaraq sezar salatını hazırlayıb və bu salat yerli insanların fəxrinə çevrilib.

Son yeddi ildir ki, Tijuana-dan olan Julio Alvarez Caesar's restoranında barda işləyir. "Burada ən çox stajı olan mənəm", o qürurla deyir. "Bu salat çox vacibdir… o sanki Tijuana camaatı üçün abidədir".

Biz bəlkə də heç vaxt bu salatın əslində Caesar, Alex, Livio, yoxsa Paul tərəfindən ixtira edildiyini bilməyəcəyik. Lakin bir şey dəqiqdir ki, ABŞ-ın ən məşhur salatını Tijuana-da italiyalı miqrant icad edib.

Bu, mədəniyyətlər qovşağında əmələ gəlmiş əsl qarışıq salatdır və onu dadmaq üçün sərhədləri keçməyə dəyər.

Bu barədə daha geniş