Cənubi Meksikanın nə qadın, nə də kişi olan insanları

Teuantepek bölgəsində üç cinsə məxsus insanlar yaşayır: qadın, kişi və mukslar Fotonun müəllifi Zofia Radzikowska
Image caption Meksikanın cənubundakı Oaxaka ştatının İstmo de Teuantepek bölgəsində üç cinsə məxsus insanlar yaşayır: qadın, kişi və mukslar

"Sizə qadın, yoxsa kişi kimi müraciət edim?" Lukas Avendano-dan soruşuram. O, bu gün səhər şalvar geyinmişdi, indi isə üzərində milli naxışların olduğu ətək geyinib.

Biz ispanca danışırıq, bu dilin gender qaydalarına uyğun olaraq. "Mənə əzizim deyə müraciət edə bilərsiniz," Avendano gülür.

Meksikanın cənubundakı Oaxaka ştatının Teuantepek bölgəsində üç cinsə məxsus insanlar yaşayır: qadın, kişi və muksalar. Bu cinsdən olan insanlar hələ ispanlar buraya gəlməzdən əvvəl mövcud idilər və burada həyatı onlarsız təsəvvür etmək mümkün deyil.

Lakin əksəriyyətin zapotek dilində danışdığı bu regionda mənim sualım çox mənasız səslənir.

"Zapotek dilinin qrammatikasında gender mövcud deyil. Bütün insanlara eyni cür müraciət edilir. Muksalar heç vaxt daha çox kişi, yoxsa qadın olduqları barədə fikirləşməyiblər," Avendano izah edir.

"Biz üçüncü cinsə aidik," Felina əlavə edir. Avendano-dan fərqli olaraq o, əsl adı olan Angel-dən imtina edib və ləqəbi ilə tanınır.

"Biri var kişi və qadın, biri də var onların arasında, bax mən onlardanam".

Mən Vela de Las İntrepidas festivalında, muksların hər il Xuçitan de Saraqosa şəhərində keçirilən şənliyində iştirak edirdim. Muksları müşahidə edərkən, onların bir-birindən fərli tərzdə olduqlarını görmək mümkündür.

Bəzi mukslar Frida Kahlonun unikal görünüşündən ilhamlanıb, zəngin naxışlı paltarlar geyiniblər. Digərləri isə Qərb tərzinə uyğun geyimlərdədirlər. Onların arasında kişi geyimli, lakin öz kimliklərini sadə qrimlə nümayiş etdirən insanlar da var.

"Muksanın nə olduğunu izah etmək çətindir. Əgər belə demək mümkünsə, muksa kişi kimi doğulmuş, lakin kişi kimi davranmayan insanlardır," Avendano deyir.

"Qərbli baxışı ilə izah etsək, kişidən qadına transvestitlər, kişidən qadına transseksuallar, qadınsayağı geylər və ya kişisayağı geylər də daxil olmaqla, muksalar həmçinin etnik xüsusiyyətləri özündə əks etdirirlər," antropoloq Pablo Cespedes Vargas özünün muksalara həsr etdiyi kitabında yazır.

Avendano vurğulayır ki, muksa zapotek terminidir və onların mədəniyyətini bilmədən muksanı anlamaq mümkün deyil.

Fotonun müəllifi Ola Synowiec
Image caption Vela de Las İntrepidas festivalı hər ilin noyabr ayında Xuçitan de Saraqosa şəhərində baş tutur

Çünki muksa konsepti yalnız burada, Teuntepekdə mövcuddur. Burada onlar cəmiyyətin əhəmiyyətli hissəsini təşkil edirlər.

Bəzilərinin iddiasına görə muksalar, Xuçitan müqəddəsi Vicente Ferrer qəsəbədən keçərkən onun cibindən düşüb. Yerlilərin bildirdiyinə görə, bu o deməkdir ki, onlar xoşbəxt ulduz altında doğulublar.

İkinci rəvaytə görə, Vicente Ferrer üç torba daşıyıb: birində dişi toxumlar, ikincisində erkək toxumlar, üçüncüsündə isə qarışıq toxumlar olub. Hekayətə görə, Xuçitandan keçərkən üçüncü torbanın dəliyi olub və buna görə də burada çoxlu muksa yaşayır.

"Onların əksəriyyətinin burada olması həqiqət deyil. Sadəcə onlara burada daha çox hörmət edilir deyə, burada çox gözə dəyirlər," çox sayda muksa dostu olan orta məktəb müəllimi Fernando Noe Diaz deyir.

Xuçitan Meksikada güclü və qürurlu qadınları ilə tanınır. Bəziləri hətta bunu matriarxiya adlandırır. Bu həqiqət olmasa da, qadınlar adətən kişilərin evə gətirdiyi pula nəzarət edirlər. (Yerlilərin zarafatına görə, burada kişilərin penisi şirin, ya da duzludur. Bu isə o deməkdir ki, onlar ya fermer, ya da balıqçıdırlar).

Digər tərəfdən qadınlar kişilərin istehsal etdiyi məhsulları satmaqla məşğuldurlar və bu mənada bazarlar onların nəzarətindədir.

"Kişi dənizdə və ya sahədə olanda və qadın bazarda olanda, ev işləri ilə heç kim məşğul olmur. Burada muksa önə çıxır", Noe Diaz izah edir.

"Hətta deyirlər ki, oğlu muksa olan analar bəxtəvərdirlər. Çünki o, ev işlərində anasına kömək edəcək. Muksalar evlənə də bilməzlər və beləcə qocalana qədər anaları ilə qalırlar".

Fotonun müəllifi Zofia Radzikowska
Image caption Bəzilərinin dediyinə görə muksalar Xuçitan müqəddəsi Vicente Ferrer-in cibindən düşüb

Burada analar muksaların stoluna yemək paylayırlar. Kika-nın anası baxır ki, heç kim ac qalmasın. Ailənin gənc üzvləri mənə yeni pivə verdilər.

Lakin Kika həyatını ev işlərinə həsr etmək istəmir. Bu, sənətkarlıq və bazarda satıcılıqla yanaşı, muksaların ənənəvi məşğuliyyətidir.

Onun qəsəbənin mərkəzində gözəllik salonu var. Felina isə muksa qrupu olan Las Autenticas İntrepidas Buscadoras del Peligro (Əsl cəsarətli təhlükə axtaranlar) təşkilatına rəhbərlik edir.

Neo Diaz-a görə, bir çox muksalar fiestaların (şənlilklər) təşkilində iştirak edirlər. Bu isə yerli iqtisadiyyatın böyük bir hissəsidir. Onlar bir sıra bayram və tədbirlər üçün kostyumlar hazırlayırlar.

Fotonun müəllifi Zofia Radzikowska
Image caption "Onların əksəriyyətinin burada olması həqiqət deyil. Sadəcə onlara burada daha çox hörmət edilir deyə, burada çox gözə dəyirlər", Fernando Neo Diaz deyir

Avendano aktyor və rejissordur. O, dünyanı gəzərək muksalar barədə hazırladığı Requiem para un Alcaravan (Alcaravan üçün rekviyem) tamaşasını nümayiş etdirir. Tamaşa muksaların katolik kimliyinə diqqəti çəkir.

"Muksalar həmişə katolik kilsəsində əhəmiyyətli rol oynayıblar. Onlar kilsə dekorasiyalarını hazırlayırlar. Gəldiyim Teuantepek qəsəbəsindəki muksaların kilsədə xüsusi birliyi var," Avendano deyir. O izah edir ki, Katolik kilsəsi bu mədəniyyətdə diqqətlə və anlayışla yanaşır.

Bu günkü şənlik Vicente Ferrer kilsəsində muksaların şərəfinə müqəddəs toplantı ilə başlayıb.

"Tanrı kişi və qadını yaradıb, lakin o həmçinin insan təbiətini yaradıb və tanrı günahıma görə məni bağışlasın, ola bilsin ki, tanrının yaratdığı təbiət də insanların kimliyinə qərar verib. İnsanlar arasında homoseksuallar da var və bu, tamamilə normaldır", Padre Panchito moizə edir.

"Tanrı bizi öz şəklində yaradıb və hər birimiz təkrarolunmazıq. Heç bir şəxs identik deyil və biz buna hörmətlə yanaşmalıyıq", o deyir.

Fotonun müəllifi Zofia Radzikowska
Image caption Bir çox muksalar fiestaların (şənlilklər) təşkilində iştirak edirlər. Bu isə yerli iqtisadiyyatın böyük bir hissəsidir

Dini mərasimdən sonra qəsəbənin küçələri boyunca ənənəvi şənliklərə start verilir. Rəngarəng geyimli insanlar musiqi qrupunun arxasınca hərəkət edirlər, muksalar isə əllərində şam gəzdirirlər.

Onların arxasından gələn muksalar isə güllərlə bəzədilmiş avtomobillərdə hərəkət edirlər.

Lakin günün əsas hissəsi gecə qəsəbədən kənarda təşkil edilmiş şənlikdir. Burada üç səhnə və böyük səsgücləndiricilər quraşdırılıb.

Çoxlu insanlar gözə dəyir: qadınlar, kişilər və uşaqlar. Hər kəs milli paltarlardadırlar: qadınlar ənənəvi huipiles, kişilər isə guayabera köynəklərini geyiniblər.

Bu ilki tədbirin əsas təşkilatçısı olan muksa hamını səhnədən salamlayır. Onun yanında isə sevgilisi dayanıb. O, mayate adlanır. Mayatelər muksalarla cinsi əlaqəyə girən kişilərdir. Onlar özləri muksa deyillər və gey hesab olunmurlar.

"Zapoteklərlə Qərbin seksual mədəniyyəti arasındakı əhəmiyyətli fərq ondan ibarətdir ki, yalnız muksa ilə heteroseksual kişi arasında cinsi münasibət mümkündür. Muksaların öz aralarında və ya muksa ilə gey kişi arasında cinsi əlaqə ağlagəlməzdir. Heç bir muksa özünü gey hesab edən kişi ilə yatmaz," Marinella Miano özünün "Yeli və qlobal arasında. 21-ci əsrdə muksalar" kitabında yazır.

"Zapotek cəmiyyəti muksa ilə cinsi münasibətdə olan kişini homoseksual kimi qəbul etmir və onun heteroseksuallığı sual doğurmur".

Fotonun müəllifi Zofia Radzikowska
Image caption Muksalar yerli Katolik kilsəsini dekorasiya edirlər

Miano Borruso deyir ki, muksalar tarixdə mütləq homoseksual kimi qəbul olunmayıblar. Bəzi hallarda onlar heteroseksual, biseksual və ya aseksual olublar.

"Adətən muksa olmaq seksual kimliyə bağlı olmayıb. Bu, mədəni gender, sosial funksiya və kimlikdir", Borruso özünün başqa kitabında yazır.

Lakin mənim söhbət etdiyim bütün muksalar özlərini homoseksual və ya kişi bədənində doğulmuş qadın hesab edirlər. Bəziləri isə hormon terapiya və implantlarla özlərini dəyişdirirlər.

İllik Muksaların Kraliçası yarışında iştirak edən bir çox muksaların süni döşləri var idi. "Bu yenilikdir. Saxta döşlər muksaları daha çox muksa etmir," Noe Diaz şərh edir.

Muksalar həmçinin LGBT hüquqları uğrunda mübarizə aparırlar. Xuçitandan olan muksa, Amaranta Gomez Regalado Meksika konqresinə seçkilərdə yerli namizəd olub.

O seçilməsə də, Meksikada ilk transseksual namizəd olduğuna görə məşhurluq qazanıb. O hələ də siyasətlə məşğuldur, xüsusilə də homofobiyaya qarşı kampaniyalarda iştirak edir.

"Həyatımızı tikmə, əl işləri və ya küçə satışlarına həsr etməkdənsə, get-gedə daha çoxumuz ali təhsil alırıq," Felina deyir.

Fotonun müəllifi Zofia Radzikowska
Image caption Xuçitan Meksika və beynəlxalq gey icması üçün tolerantlıq rəmzinə çevrilib

Lakin ümumən meksikalıların homoseksuallara münasibəti birmənalı deyil. Digər tərəfdən isə Mexiko şəhəri Latın Amerikasında eynicinsli nikahları rəsmiləşdirən ilk paytaxt şəhəridir.

Meksika həmçinin dünyada LGBT üzvlərinə qarşı törədilmiş cinayətlərin sayına görə ən öndə gedən ölkələrdən biridir. 2014-cü ilin yanvar ayı ilə 2016-cı ilin dekabrı arasında 202 nəfər homofobiya ilə əlaqədar olaraq qətlə yetirilib.

Meksika və beynəlxalq gey icması üçün Xuçitan cənnətə və tolerantlıq simvoluna çevrilib. Baxmayaraq ki, yerlilərdən bəziləri muksalara qarşı ayrı-seçkilik nümayiş etdirir və muksa icmasının təhsil almaq və ya işə düzəlmək imkanları elə də geniş deyil, buradakı üç gender ənənəsi dünyadakı LGBT üzvlərini həvəsləndirir.

"Bu gecəni təkcə muksalara həsr etmirik," səhnədən eşidilir.

"Bu həmçinin sizin, homoseksualların gecəsidir, bütün dünyadakı geylərin. Xuçitan sizin üzünüzə açıqdır"

Bu barədə daha geniş